عنوان مجموعه:پيام رهبري
تعداد بازديد:574
تعداد نظرات:0

5 Zilhiccə 1433 h.q.

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
الحمدلله رب العالمين و صلوات الله و سلامه علي الرسول الاعظم الأمين و علي آله المطهّرين المنتجبين و صحبه الميامين
Rəhmət və bərəkət dolu həcc mövsümü yetişdi və bu nurani ziyafətdə iştirak etmək şərəfinə nail olmuş xoşbəxt insanlara bir daha ilahi feyzi nəsib etdi. Burada zaman və məkan siz hacılardan hər birinizi maddi və mənəvi yüksəlişə çağırır. Burada müsəlman kişi və qadınlar Uca Yaradanın yaxşılığa və düzlüyə olan çağırışına qəlbləri və dilləri ilə “Ləbbeyk!” deyirlər. Burada hamının əlinə qardaşlıq, bərabərlik və pəhrizkarlığı məşq etmək üçün fürsət düşür. Bura təlim və tərbiyə düşərgəsidir; İslam ümmətinin vəhdətinin, əzəmətinin və müxtəlifliyinin sərgisidir. Şeytan və tağutla mübarizə meydanıdır. Hikmət və qüdrət sahibi olan Allah buranın elə bir məkan olmasına qərar verib ki, möminlər orada öz xeyirlərini, mənafelərini müşahidə edə bilərlər. Ağıl və ibrət gözümüzü açsaq, bu ilahi vəd fərdi və ictimai həyatımızın bütün müstəvilərini əhatə edər. Dünya və axirətin, fərdlə toplumun çulğaşması həcc ayinlərinin özünəməxsus cəhətidir. Sadə və möhtəşəm Kəbə ... qəlblərin və cisimlərin möhkəm və əbədi bir mehvərin ətrafına fırlanması ... bir başlanğıc və bir son arasında ardıcıl surətdə, eyni nizamla səy etmək ... Ərəfat və Məşərdəki qiyamət səhnələrini görmək üçün hamı ilə birlikdə köç etmək və bu əzəmətli məhşərdə olmanın qəlblərə bəxş etdiyi saflıq və təravət... Hamının şeytanın simvolik təcəssümü ilə mübarizəyə tələsməsi və ən nəhayət, dünyanın müxtəlif yerlərindən gəlmiş, müxtəlif irqlərə və millətlərə mənsub insanların ilahi sirlərlə, məna və hidayət nişanələri ilə dolu bu mərasim boyunca bütün bunları birlikdə icra etməsi məna və məzmun dolu bu vacib şəri əməlin özünəməxsus xüsusiyyətləridir.
 
Bu elə bir mərasimdir ki, həm qəlbləri Allahın yada salınması ilə bir-birinə bağlayır, təkliyə çəkilib Yaradanı ilə ünsiyyətdə olan insanın qəlbini təqva və iman nuru ilə işıqlandırır, həm də fərdi onu əhatə edən “mən” hasarından çıxarıb, İslam ümmətinin müxtəlif tərkibli toplumunda həll edir; həm ona canını zəhərli günah oxlarından qoruyacaq pəhrizkarlıq libası geydirir, həm də onda şeytanlara və tağutlara hücum əhval-ruhiyyəsi oyadır. Həccə gəlmiş zəvvar məhz burada İslam ümmətinin nə qədər geniş əhatəli olduğuna bir nümunəni öz gözləri ilə görür, ümmətinin imkanlarını və potensialını dərk edir, həm gələcəyə ümidlə baxır, həm də özündə bu gələcəkdə rol oynamaq üçün hazırlıq hiss edir. Həmçinin əgər ilahi yardım və dəstək qazana bilsə, bir daha əzəmətli Peyğəmbərə (s) beyət edir, dəyərli İslamımızla möhkəm bir əhd-peyman bağlayır, özünün və ümmətinin islahı, İslam təlimlərinin yüksəlişi üçün varlığında böyük bir əzm yaradır.
 
Bunların hər ikisi – yəni həm insanın özünün, həm də ümmətin islahı təxirəsalınmaz şəri vəzifələrdir. Dərindən düşünən insanlar üçün öz dini vəzifələrinə həssas yanaşıb ağıl və bəsirətdən faydalanaraq bunun strategiyalarını axtarıb tapmaq çətin deyil.
 
Özünüislah şeytani həvəslərlə mübarizədən, günahdan çəkinmək üçün səy göstərməkdən başlayır. Ümmətin islahına isə düşməni tanımaqla, planlarını anlamaqla, onun zərbələrini və ədavətini təsirsiz qoymaq üçün əlindən gələni etməklə, ən nəhayət, müsəlmanların və müsəlman xalqlarının qəlb, əl və dil birliyi ilə nail olmaq mümkündür.
 
Hazırkı etapda İslam dünyasında İslam ümmətinin alın yazısına yazılmış ən mühüm məsələlərdən biri Şimali Afrika və regionda baş vermiş, indiyə qədər Amerikadan asılı, sionizmlə əlbir olan bir neçə fasid hökuməti süqut etdirmiş, bu qəbildən olan başqa rejimləri isə lərzəyə salmış inqilabi hadisələrdir. Müsəlmanlar bu böyük fürsəti əldən versələr, ondan İslam ümmətinin islahı, təkmilləşdirilməsi yolunda bəhrələnməsələr, böyük bir ziyana uğramış olacaqlar. Bu gün təcavüzkar və müdaxiləçi imperializm bütün səylərini bu möhtəşəm islami hərəkatları düzgün kursundan yayındırmaq üçün səfərbər edib.
 
Bu böyük qiyamlarda müsəlman kişi və qadınlar Amerikadan asılı olan, xalqı alçaldan və cinayətkar sionist rejimi ilə tərəfdaşlıq edən hakimlərə qarşı ayağa qalxdılar. Bu ölüm-dirim mübarizəsində İslamı, onun nicatverici təlim və şüarlarını özləri üçün xilaskar faktor bildilər və bunu güclü səslə dünyaya elan etdilər. Məzlum Fələstin xalqının müdafiəsini və qəsbkar İsrail rejiminə qarşı mübarizəni öz tələblərinin ön sırasına çəkdilər. Müsəlman xalqlarına dostluq əllərini uzadıb İslam ümmətinin vəhdətini arzuladıqlarını bildirdilər.
 
Bunlar son iki ildə azadlıq və islah bayrağını başı üzərinə qaldırmış, cismi və canı ilə inqilab meydanlarında olmuş ölkələrdə xalq inqilablarının əsas dayaqlarıdır. Məhz elə bunlar böyük İslam ümmətinin də islahının əsaslarını möhkəmləndirə bilər.
 
Bu əsas prinsiplər üzərində möhkəm durulması həmin ölkələrdəki xalq inqilablarının qəti qələbəsinin vacib şərtidir.
 
Düşmən bu əsas dayaqları silkələyib boşaltmaq məqsədi güdür. Amerika, NATO və sionizmin fasid əlaltıları bəzi məlumatsızlıqlardan və səthi yanaşmalardan istifadə edərək müsəlman gənclərin güclü selə bənzər hərəkatını düzgün kursundan yayındırmağa, onları İslam adı ilə bir-birinin canına salmağa, anti-imperialist və anti-sionist cihadı İslam dünyasının küçələrində kor terrorizmə çevirməyə çalışırlar ki, müsəlmanların qanı bir-birinin əli ilə tökülsün, İslamın düşmənləri çıxmazdan qurtulsun, İslam dini və onun uğrunda mübarizə aparanlar bədnam və üzüqara olsunlar.
 
İslamı və islami şüarları məhv etməkdən əlləri üzüləndən sonra indi onlar İslam firqələri arasına ixtilaf salmağa, şiələrdə sünnilərə, sünnilərdə isə şiələrə qarşı fobiya yaratmaq planını həyata keçirərək İslam ümmətinin vəhdətinə maneçilik törətməyə çalışırlar.
 
Onlar regiondakı ünsürlərinin köməyi ilə xalqların fikrini ölkələrindəki mühüm problemlərdən, onları gözləyən təhlükələrdən yayındırmaq, özlərinin qəsdən törətdikləri qanlı hadisələrə yönəltmək məqsədilə Suriyada böhran yaradırlar. Suriyadakı vətəndaş müharibəsi, müsəlman gənclərin bir-birinin əli ilə qətlə yetirilməsi Amerika və sionizmin, onlardan asılı olan dövlətlərin başlatdığı və alovunu körükləməkdə davam etdikləri bir cinayətdir. Misir, Tunis və Liviyada zülmkar diktaturaları himayə edən dövlətlərin indi Suriyada xalqın demokratiya tələbini dəstəklədiklərinə kim inanar? Suriya olayının mahiyyətində 30 il təkbaşına qəsbkar sionistlərin əleyhinə çıxmış, Fələstin və Livandakı müqavimət dəstələrini müdafiə etmiş bir dövlətdən intiqam almaq məsələsi durur.
 
Biz Suriya xalqının tərəfindəyik və bu ölkəyə istənilən xarici müdaxilə və təhrikin əleyhinəyik. Bu ölkədə istənilən islahat millətin özü tərəfindən və tamamilə milli metodlarla həyata keçirilməlidir. Beynəlxalq arenada hegemonluq edən qüvvələrin regiondakı buyruq qulu olan dövlətlərin yardımı ilə bir ölkədə böhran yaratmaları, ardınca isə elə böhran bəhanəsi ilə həmin ölkədə istədikləri cinayəti törətməkdə özlərini haqlı bilmələri ciddi bir təhlükədir. Əgər region dövlətləri bu təhlükəni aradan götürmək üçün çalışmasalar, imperializmin bu hiyləgər planında növbənin onlara nə vaxt gəlib çatacağını gözləməli olacaqlar.
 
Qardaş və bacılar! Həcc mövsümü İslam dünyasında baş verən mühüm məsələlər haqda dərindən düşünmək üçün bir fürsətdir. Həmin məsələlər sırasına regiondakı inqilabların müqəddəratı, bu inqilabların ziyan vurduğu ölkələrin onları düzgün kursdan yayındırmaq üçün göstərdikləri səylər də daxildir. Müsəlmanlar arasına ixtilaf salmaq məqsədilə cızılan xain planlar, ayağa qalxmış ölkələri İran İslam Respublikasına qarşı bədgüman etmək cəhdləri, Fələstin məsələsi, mübarizə aparan insanları təcrid etmək, fələstinlilərin cihadını yatırmaq səyləri, Qərb dövlətlərinin anti-islam təbliğatı və onların əzəmətli İslam peyğəmbərinin (s) müqəddəs məqamını təhqir edənləri müdafiə etməsi, bəzi müsəlman ölkələrində vətəndaş müharibələri və separatçılıq üçün zəmin yaradılması, inqilab edən dövlətləri və xalqları Qərb imperializminə qarşı mübarizədən qorxudub çəkindirmək planları, gələcəklərinin bu təcavüzkarlar qarşısında təslim olub-olmamalarından asılı olduğu barədə mənasız bir fantaziyanın onlara aşılanması və bu qəbildən olan digər həyat əhəmiyyətli və mühüm hadisələr həcc fürsəti əsnasında, siz hacıların birlik və həmrəyliyi atmosferində dərindən və ətraflı düşünülməli olan məsələlərdir.
 
Heç şübhəsiz, Allahın hidayəti fəal və zəhmətkeş möminlərə asayiş, təhlükəsizlik və salamatlığın yollarını göstərəcək:
 
والذين جاهدوا فينا لنهدينهم سبلنا
 
“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq”. (“Ənkəbut” surəsi, ayə 69)
 
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
 
Seyid Əli Xamenei
21 oktyabr 2012 – 5 zilhiccə 1433