İranın Azərbaycandakı səfirliyi Qüds Günü münasibətilə “Ramazan və İslam dünyasının birliyi” mövzusunda konfrans keçirib

Nəşr tarixi:06/11/1396
İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyi Qüds Günü münasibətilə “Ramazan və İslam dünyasının birliyi” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə İİR-in Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Əli Musəvi, səfirliyin Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri, İİR Ali dini rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad, həmçinin DEVAMM rəhbəri İlqar İbrahimoğlu, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev və başqaları iştirak edib.
Tədbirə həmçinin Azərbaycanın Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları da qatılıb.
Əvvəcə “Qurani-Kərim”dən surələr oxunub.
Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Əli Musəvi, səfirliyin Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri çıxışlarında Ramazan bayramının sonuncu cümə gününə düşən bu günün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Qüds Gününün əsası İran İslam İnqilabının rəhbəri Xomeyni tərəfindən qoyulub. Seyid Əli Musəvi çıxışında Qarabağın və Fələstin torpaqlarının tezliklə azad edilməsini arzuladığını vurğulayıb.
Tədbirdə DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu, Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev və başqaları da çıxış edib. Sonda iftar süfrəsi açılıb.
Qeyd edək ki, konfrans çərçivəsində tədbirin keçirildiyi “Park İNN” otelinin foyesində Qüdsün işğalı, həmçinin İsrailin işğalçı olmasını tənqid edən karikaturalardan ibarət sərgi nümayiş etdirilib. Lakin sonradan otel nümayəndələri tədbir təşkilatçıları ilə danışıqlar apararaq karikaturaları yığışdırıb.