Danimarkada İmam Əli (ə) məscidi istifadəyə verildi

Nəşr tarixi:13/07/1394
Beynəlxalq şöbə: İslam dininin və müsəlmanların ən çox təhqir edildiyi ölkələrin başında gələn Danimarkanın paytaxtı Kopenhagen şəhərində həftənin cüməaxşamı günü, çoxsaylı müsəlmanların iştirakı ilə İmam Əli (ə) adına məscid açıldı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "TRT" peyk TV kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Danimarka şiələrinin ən böyük məscidi hesab edilən İmam Əli (ə) məscidi Kopenhagen şəhərində müsəlmanların ən çox yaşadığı Nörrebro istiqamətində açılıb.
Minlərlə insanın iştirakı ilə açılan məscid 2100 kv.m ərazidə tikilib. Qoşa minarəli məsciddə eyni vaxtda 500 müsəlman namaz qıla biləcək.
Məscidin açılışında çıxış edən iranlı şiələrdən olan camaat imamı Şeyx Nisar bildirib ki, məscidlər ibadət yeri olmaqla bərabər həm də təhsil mərkəzidir.
“Burada insanlar birlikdə yaşamağı, hörməti və sevgini öyrənir. Məscidlər həm də həmrəylik və yardımlaşma mərkəzidir. Məscidlər insanların çox mövzuda danışabiləcəkləri yerlərdir. Müsəlmanlar və müsəlman olmayan hər kəs bizə müraciət edə bilərlər”, - deyə iranlı imam bildirib.
Qeyd edək ki, məscidin tikintisi 60 milyon krona (9,5 milyon manat) başa gəlib.
Məlumat üçün bildirək ki, Danimarkada tez-tez İslam dini, Hz.Məhəmməd  peyğəmbər (s.a.s) və müsəlmanlar əleyhinə çıxışlar edilir.
Məscidin açılışı islamafobiyanın güclü olduğu bu ölkədə İslam maarifləndirilməsi və yanlış fikirlərin aradan qaldırılmasına da dəstək olacaq. 
Həmçinin qeyd edək ki, bu məscidin ilk Cümə namazı Qədir-Xum bayramı günü Ayətullah Üzma Sistaninin bu ölkədiki nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Mürtəza Keşmirinin imamlığı ilə qılınıb.
Məscidin açılışında Ali Dini Lider Həzrət Ayətullah Xameneinin, Ayətullah Üzma Sistaninin nümayəndələri və İraq, Pakistan və Hindistandan olan digər nüfuzli ictimai xadimlərin iştirak ediblər.